CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media ilə əlaqələri tənzimləyəcək qurum yaradılıb

Qurumun sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilib
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Bu gün Mətbuat Şurası və Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə "Media ilə dialoq" mövzusunda tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb və bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturunun media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.

"Media ilə dialoq" mövzusunda tədbir

Daha sonra yeni yaradılan Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə ARPA-nın yaranması haqqında söz açıb. Məmmədzadə bildirib ki, təşkilat 2016-cı ilin may ayında PR strukturunun Azərbaycanda daha geniş aspektdə tətbiqi, ictimaiyyətlə əlaqələr sahəsində tədrisin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

"Qurumun sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Qeyd edim ki, bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur. Bununla yanaşı, ictimaiyyətlə əlaqələr sahəsində akademik təhsil də mövcud deyil" — Məmmədzadə bildirib.

"Təşkilatımız bu sahənin gələcək inkişafını təmin etməyə çalışacaq. Apreldə daha bir tədbir keçirməyi planlaşdırırq və növbəti tədbirdə beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək" — o əlavə edib.

Daha sonra digər iştirakçılar "Media ilə dialoq" mövzusunda müzakirələrini davam etdiriblər.