Ərdoğan sərhəddə: "Sonuncu terrorçu öldürülənədək əməliyyat davam edəcək"

Türkiyə prezidenti: "Afrinə başlatdığımız hərbi əməliyyat milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyır"
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətinə gedərək"Hərbi Əməliyyatı İzləmə Mərkəzi"ni ziyarət edib. Ordunun Suriyanın şimalında, PYD terrorçularının nəzarətində olan Afrində keçirdiyi hərbi əməliyyatla bağlı komandirlərdən məlumat alan Ərdoğan sərt mesajlar verib.

Sputnik AzərbaycanNTV-yə istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı sərhədlər terrorçulardan təmizlənənə qədər əməliyyatın davam edəcəyini vurğulayıb: "Afrinə başlatdığımız hərbi əməliyyat milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyır. Başqalarının torpağında gözümüz yoxdur. Sonuncu terrorçu öldürülənədək əməliyyat davam edəcək".

Ərdoğan bildirib ki, ərazilər terror təşkilatlarından təmizləndikdən sonra başqa ölkələrə, eləcə də Türkiyəyə sığınan suriyalılar öz evlərinə qayıda biləcəklər.

Türkiyə prezidenti daha sonra Hava, Dəniz və Quru Qoşunları idarəetmə mərkəzləri ilə video-bağlantı vasitəsilə baş verənlərlə bağlı məlumat alıb.