BAKI, 25 yanvar — Sputnik. 2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub. 2017-ci il ərzində baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib.
Məlumata görə, onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar — 2337 çıxış; açıq sahələrdə yanğınlar – 7763 çıxış; nəqliyyat vasitələrində yanğınlar – 343 çıxış; meşə və meşə talalarında yanğınlar – 9 çıxış; digər yanğınlar üzrə — 2459 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 225 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 6% az, xəsarət alanlar üzrə 79 nəfər və ya 54% çoxdur.