HADİSƏ

Sürüşmə zonasından köçürülmüş sakinlərə kirayə pulu veriləcək

Ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olaraq sakinlərlə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Eldar Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.

Ərazidə apaşdırma aparam mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axırdığını müəyyən ediblər

Qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Görüşdə bildirildi ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.