QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi düşmənin yalanını ifşa etdi – FOTO

Tikinti işləri Talış kəndi adı altında cəbhə xəttindən xeyli aralıda, digər ərazidə aparılır
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.

Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən görünən Talış kəndi

Nazirlikdən qeyd olunub ki, 2016-cı ilin aprel ayında keçirilən əks-həmlə əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır.

“2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli aralıda, digər ərazidə aparırlar”, — nazirlikdən verilən məlumatda deyilib.

Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən görünən Talış kəndi

Qeyd edək ki, nazirlikdən təqdim edilən fotolarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil.