HADİSƏ

Qusar sakini ayrılığa dözməyib özünə qəsd etdi

Kənd əhalisi bölgə müxbirinə bildirib ki, mərhumun özünə qəsd etməsinin səbəbi yaşadığı həyat tərzi olub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Bu gün Qusar rayonunun Ləyərqışlaq kəndi ərazisində intihar hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 12 radələrində baş verib. 59 yaşı bir gün əvvəl tamam olan Hacıxan Məhsimovun Ləyərqışlaq kəndində yerləşən Xaçmaz rayon sakini Mayıl Babayevə məxsus fermada asılı halda meyiti tapılıb. 

Belə də olur: Şarlatan-həkim xəstəni qabartma tozu ilə öldürdü

Əraziyə dərhal polis əməkdaşları gəlib və meyiti tibbi ekspertiza olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsinə aparılıb.

Kənd əhalisi bölgə müxbirinə bildirib ki, mərhumun özünə qəsd etməsinin səbəbi yaşadığı həyat tərzi olub. Belə ki, Məhsimov əvvəllər Xaçmazda adam öldürdüyünə görə həbsdə olub. O,həbsdən çıxdıqdan sonra fermada Mayıl Babayevin mal-qarasına baxırmış və orda yaşayırmış. Mərhum keçirdiyi bu acınacaqlı həyat tərzinə görə həyat yoldaşından ayrılıb. 4 oğul atası olan mərhum uzun müddətdir ki, övladlarını görmürmüş, buna görə də hər zaman özünü günahkar hesab edirmiş.

Qusar Rayon Prokurorluğunda CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb.