İlham Əliyev Azərbaycanda medianın durumundan danışdı

Dövlət başçısı: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”
Sputnik

BAKI, 23 yanvar — Sputnik. “Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur: “Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır.  Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

Media azadlığı ilə bağlı reytinql'rdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran Azərbaycan prezidenti deyib ki, bu, siyasi səbəblərlə bağlıdır: “Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Buna görə də bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır”.