Rusiyadan Türkiyə açıqlaması: Yaxından izləyirik

Dmitri Peskov bildirib ki, Rusiya üçün ən əsas məsələ Suriyanın ərazi bütövlüyünün qorunmasıdır
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov türk ordusunun Suriyanın şimalında PYD-yə qarşı başlatdığı hərbi əməliyyatla bağlı açıqlama verib. Sputnik xəbər verir ki, Peskov Rusiyanın əməliyyatı yaxından izlədiyini söyləyib.

"Hazırda Türkiyə və Suriya rəhbərliyi ilə mütəmadi təmas halındayıq. Əməliyyatı yaxından izləyirik. Əsas olan Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır" – sözçü qeyd edib. 

Türkiyə ordusu artıq Afrindədir

Dmitri Peskov bildirib ki, Rusiya üçün ən əsas məsələ Suriyanın ərazi bütövlüyünün qorunmasıdır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatla bağlı fikir səsləndirib. Nazir əməliyyata səbəb kimi ABŞ-ın davranışlarını göstərib: "Maraqlıdır ki, Amerika Suriyanın Türkiyə ilə sərhəddində möhkəmlənmək istəyir. PYD-dən istifadə edərək bu istiqamətdə siyasət aparır. Deməli ABŞ ya heç nəyi anlamır, ya da provokasiya ilə məşğul olur. Amerikanın Suriyadakı davranışları Türkiyəni özündən çıxartdı. Vaşinqtonun PYD-ni ölçüsüz silahlandırması hərbi əməliyyatın başlamasına gətirib çıxardı. Bir çox mütəxəssislər bizə deyirlər ki, niyə narahat olursunuz? Əksinə, imkan verin, ABŞ nə qədər təxribatçı dövlət olduğunu bütün dünyaya sübut etsin" — Lavrov bildirib.

Rusiyalı nazir, bununla belə, ABŞ-la dialoqa hər zaman hazır olduqlarını söyləyib: "Onlar nə qədər bizimlə eyni cür düşünməsələr də, Rusiya hər zaman dialoqa hazırdır. Bunu dəfələrlə dilə gətirmişik. İndi də bu təklifimiz keçərlidir".