CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır xəstəliklərlə bağlı qərar verilir: Paketə daxil ediləcək

Nikahdan öncəki icbari müayinə üçün xəstəliklərin siyahısı artırıla bilər
Sputnik

BAKI, 22 yanvar — Sputnik. "Bir neçə il bundan öncə Ailə Məcəlləsinə çox vacib bir əlavə və dəyişiklik olunub. Nikaha girən şəxslərin bir neçə xəstəlik üzrə nikahdan öncəki icbari müayinəsi artıq tətbiq olunur və olduqca da gözəl nəticələr var. Bu da gələcəkdə sağlam nəslin doğulmasında və formalaşmasında çox böyük töhfə olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Millət vəkili təklif edib ki, hepatit B və C qruplarından olan hepatitlərin də icbari tibbi müayinə paketinə daxil edilməsi üçün Ailə Məcəlləsinə dəyişiklik olsun: "Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq və prinsipcə etiraz yoxdur. Ola bilsin ki, əlavə müayinələr üçün müəyyən xərclər tələb olunacaq. Amma bir var ki, biz xəstəliyi başlanğıc mərhələsində, yaxud infeksiyanın hələ xəstəlik formasına keçməmiş mərhələsində az vəsaitlə qarşısını alaq, bir də var ki, artıq formalaşmış hepatitlə, yaxud da serroz ilə rastlaşaq. Onda xərclər dəfələrlə artıq olacaq. Müvafiq qurumları da bu işə cəlb etməklə parlamentin digər komitələri ilə birgə bu məsələni müzakirə etmək faydalı olar".