Paris mötəbər tədbiri keçirməyə namizədlikdən imtina edib

Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün Fransanın "Journal du Dimanche" qəzeti məlumat yayıb.

Fransa baş naziri Eduard Filipp bununla bağlı "Expo-2025" Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E.Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında "Expo-2025"-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda "Expo-2025" sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq.

Azərbaycan "Expo 2025 Bakı" Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" olacaq.