HADİSƏ

Ağdamda faciə: Yeddi nəfər zəhərləndi

Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb, 2-nin durumu ağırdır
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Ağdamda iki ailənin 7 üzvü qidadan zəhərlənib.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.

Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı  xəstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailəsi olub. E. Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə pozğunluğu, udma aktının pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

Araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Cabbarova Əsmər Fərhad qızı, 29 yaşlı İsmayılova Elnaz Fərhad, 28 yaşlı Cabbarova Aygün Cəbrayıl qızı, 30 yaşlı  Cabbarov Rahib  Cəbrayıl oğlu, 10 yaşlı Cabbarova Nərmin Emin qızı, 6 yaşlı Cabbarova Mafizə Emin qızı və 3 yaşlı Cabbarov Rahil Nicat oğlu iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb.