BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.
Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, dünən Qazaxıstanda içərisində 57 sərnişin daşıyan avtobus yanaraq kül olub. Hadisə zamanı 52 nəfər diri-diri yanıb. Avtobusda olanlardan cəmi 5 nəfər son anda canını qurtara bilib. Məlumata görə, avtobusda ölənlərin hamısı Özbəkistan vətəndaşları olublar. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.