CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maaşlarımız nə qədər artdı?

"Artımın yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcəni inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz"
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 (əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

Ekspert burada diqqəti 2 məqama yönəlmək istəyib: "Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq".

"İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur" — İbadoğlu yazıb.

İqtisadçı hesab edir ki, Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz: "Birincisi, bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi, ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə əvəzləmək iqtidarında deyil. Üçüncüsü, ötən il qeydə alınan 12,8 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əmək haqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub. Belə olan halda da artımın cüzi olsa da, yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcəni inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz".

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb. Bu, baş nazir Artur Rasizadənin "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə — "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin "Aylıq tarif (vəzifə) maaşı (manatla)" sütununda "116", "121", "126" və "132" rəqəmləri müvafiq olaraq "130", "132", "134" və "136" rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.