QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov Bakının alqışına səbəb olan nə deyib?

"Rusiyanın mərhələli həllə üstünlük verməsi onu göstərir ki, bundan sonra danışıqları həmin baza prinsipi üzərində aparmaq mümkün olacaq"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan tərəfi Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ açıqlamasını alqışlayır

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Moskvada ilin yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli yanaşma tələb edir: "Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümkün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələb edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır".

Məsələni bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Sputnik Azərbaycan-a şərh edib. "Rusiya sıradan bir ölkə deyil. Birincisi, Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Regionun çox nüfuzlu dövlətidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. Rusiyanın bu məsələdə obyektiv mövqe tutması alqışlanmalı məsələdir" — o bildirib.

"Hətta söhbət Azərbaycandan getməsə belə, tarix boyu məsələləri heç zaman birdən-birə həll etmək mümkün olmur. Əsas məsələ xəttin düzgün tutulması və mərhələ-mərhələ o məsələlərin həllinin tapılmasıdır" — deputat əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli üzrə Azərbaycanın təklifi, göründüyü kimi, bu gün dünya tərəfindən ciddi qəbul edilir: "İlk növbədə Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılır, keçmiş Dağlıq Qarabağ vilayətinə müvəqqəti status verilir, Laçın dəhlizinə müəyyən müddət sülhməramlı qüvvələr yerləşdirilir və danışıqların növbəti mərhələsi gedir".

A.Mirzəzadə burada udan tərəfin daha çox Ermənistan olduğunu diqqətə çatdırıb: "Bu gün Ermənistan iqtisadiyyatı güclü ordu saxlamağa və işğalı davam etdirməyə imkan vermir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilər ağır vəziyyətə görə oranı durmadan tərk etməkdədir. Rusiyanın mərhələli həllə üstünlük verməsi onu göstərir ki, bundan sonra danışıqları həmin baza prinsipi üzərində aparmaq mümkün olacaq".

Politoloq Azər Rəşidoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında bunun yeni bir təklif olmadığını deyib: "Minsk Qrupunun həmsədrləri 1997-ci ilin iyun ayında ilk təkliflər paketini təqdim ediblər. Bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılığın verilməsi nəzərdə tutulub. Yəni həm ermənilərin işğal etdikləri ərazilərdən çıxarılması, həm də Dağlıq Qarabağa veriləcək statusun müəyyən olması eyni vaxtda nəzərdə tutulub. Buna Azərbaycan və Ermənistan tərəfləri razı olmayıb".

Onun sözlərinə görə, 1997-ci ilin sentyabrında Minsk Qrupunun həmsədrləri ikinci təkliflər paketini irəli sürüblər və bu, mərhələli variant olub: "Sergey Lavrovun bu gün haqqında söz açdığı da məhz həmin mərhələli variantdır. Mərhələli variant münaqişənin mərhələlərlə nizama salınmasını özündə ehtiva edir. Yəni əvvəlcə ermənilər işğal etdikləri ərazilərdən öz qoşunlarını çıxarırlar, məhz bundan sonra Dağlıq Qarabağa ən yüksək status verilir".

"Vaxtilə Heydər Əliyev də təkliflər paketi üzərində işləndiyini bəyan etmişdi. Faktiki olaraq Azərbaycan mərhələli və paket variantına razı idi, ancaq orada müəyyən düzəlişlərin olmasını tələb edirdi. Azərbaycan şərt kimi işğal olunmuş ərazilərin boşaldılmasını və məhz bundan sonra statusun müəyyənləşməsini tələb edirdi. Ermənistan isə hər iki təkliflər paketinə qarşı çıxıb və faktiki olaraq danışıqlar prosesini pozub. Gözləmək olardı ki, BMT-nin məlum 4 qətnaməsini də əsas götürərək Minsk Qrupunun həmsədrləri məhz Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv çıxış etdiyini bəyan edəcək. Ancaq belə olmadı" — A.Rəşidoğlu vurğulayıb.

Politoloqun fikrincə, üzərindən bir qədər keçdikdən sonra, 1998-ci ildə həmsədrlər yeni bir təkliflər paketi ilə çıxış ediblər: "Bu təklif münaqişənin istər mərhələli, istər paket həlli ilə müqayisədə daha qeyri-konstruktiv idi və o zaman ümumdövlət anlayışı meydana çıxdı. Təbii ki, Azərbaycan ümumdövlət anlayışı ilə razılaşa bilməzdi. Əslində ümumdövlət ideyasının nədən ibarət olduğu və Dağlıq Qarabağın statusunun hansı formada olacağı bəlli deyildi. Ona görə də Azərbaycan Minsk Qrupunu hətta danışıqlar prosesindən çıxacağı ilə hədələyib. Bundan sonra uzun müddət həmsədrlər konkret təkliflər irəli sürməyiblər".

Rəşidoğlu Praqa Sammitini də xatırladıb: "O sammitdə yeni bir variant üzərində işlənməyə başlanıb. Bu, artıq unudulmaqda olan mərhələli həll variantı idi. Praqa variantından sonra 2005-ci ildə Polşada da məhz bununla bağlı müzakirələr aparılıb və tərəflər haradasa razılığa gəlməyə başlayıblar. Bundan sonra uzun müddət proses məhz həmin o mərhələli həll və Varşava Sammitində əldə olunan razılaşma əsasında gedib".

"Bundan sonra Kazan razılaşması meydana çıxıb. Kazanda Azərbaycan və Ermənistan prezidentləri görüşüblər və burada Praqada əldə olunmuş mərhələli variant müzakirə edilməyə başlayıb. Ancaq Ermənistan bu variantın da reallaşmasına imkan verməyib. Bundan sonra danışıqlar prosesi növbəti dəfə dalana dirənib" — siyasi şərhçi bildirib.

Politoloq 2007-ci ildə Madriddə tərəflərə yeni variant təklif edildiyini də diqqətə çatdırıb: "Bu, mərhələli və paket təkliflər arasında ortaq nöqtənin tapılması olub. Daha çox yenə də mərhələli variant olub. Yəni bu gün Sergey Lavrovun haqqında danışdığı mərhələli variant Azərbaycan üçün yenilik deyil və ölkəmiz bunun tərəfində olub, Ermənistan isə bunu pozub. 2011-ci ildə Rusiyanın prezidenti olan Dmitri Medveydevin vasitəçiliyi ilə tərəflər danışığa başlayıblar. "Medvedyev variantı" kimi təqdim edilən bu variant da faktiki olaraq mərhələli olub".

Nəhayət A.Rəşidoğlu diqqətə çatdırıb ki, bu gün Azərbaycan mərhələli variant ilə razıdır, ancaq, burada bir məsələ var ki, Ermənistan qeyri-konstruktiv davranır və danışıqlar prosesini pozur: "Azərbaycanın tələbi budur ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri rayonların ərazisini boşaltsınlar, məcburi köçkünlər yaşadıqları ərazilərə qayıtsınlar. Və bundan sonra Dağlıq Qarabağa ən yüksək status verilsin, münaqişənin növbəti dəfə alovlanmaması üçün sülhməramlı qüvvələr həmin o ərazilərə yerləşdirilsin. Lakin bu da müəyyən edilməlidir. Sülhməramlı qüvvələr kimlərdən ibarət olacaq, hansı ölkənin say tərkibi neçə faiz təşkil edəcək və onlar hansı müddətdən sonra həmin əraziləri tərk edəcəklər. Azərbaycan ilk gündən mərhələli variantın tərəfdarı olduğunu bildirib".