ELM

Məktəblərdə yeni qayda tətbiq olunacaq ki, bu da fikir ayrılıqlarına yol açıb

Ekspert: "Azərbaycanda hansısa məktəbə muxtariyyət verilməsi effektiv olmayacaq"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. "Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcək". Bu barədə ötən yaxın müddətdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev açıqlama vermişdi.

Məktəblərdə yoxlamalar başlayıb

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırkı kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu, çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcək".

"Yeni standartlar hazırda ictimai müzakirəyə təqdim olunub. Onlarda müəyyən fərqliliklər var. Belə ki, standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətliliyi, çalışqanlığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən bu günə qədər bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb" — E.Əmrullayev bildirmişdi.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2008-2009-cu il tədris ilindən etibarən Azərbaycanda orta ümumtəhsil məktəbləri yeni təlim standartları, yəni kurikulum standartlarının tədrisi prosesini qurmağa başlayıb: "Ötən dövrdə məlum olub ki, Qazaxıstandan olduğu kimi götürüb istifadə etdiyimiz kurikulum, əslində, Azərbaycanın tədris bazarı üçün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Təbii ki, təhsil standartları 5 ildən bir mütləq şəkildə dəyişilməlidir. Amma bu standartların dəyişməsi hansısa məktəbə muxtariyyət vermək olar kimi bir fikir ilə üst-üstə düşməməlidir".

K.Əsədovun sözlərinə görə, "Təhsil haqqında" Qanunda və digər qanunvericilik aktlarında göstərilib ki, Azərbaycanda orta ixtisas təhsil müəssisələrinə, ali məktəblərə qəbul vahid qaydada həyata keçirilir: "Əgər bəzi məktəblərdə fərqli standartlar tətbiq etsək, Dövlət İmtahan Mərkəzi imtahan keçirəndə fərq qoymayacaq. Məsələn, Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbi başqa standart ilə keçib və gəlin, buna başqa bir qəbul imtahanı keçək. Yəni bəzi məktəblərə verilən standartlar ciddi şəkildə problem yaşada bilər. Ölkədə vahid imtahan həyata keçirilir. Ona görə də hesab edirəm ki, bu, effektiv olmayacaq".

Təhsil Nazirliyindən önəmli məlumat

"Ən azından, bəzi standartları dəyişməyə və yenidən ayrıca standart formalaşdırmağa ehtiyac var. Amma hazırda təklif olunan standartlara ehtiyac yoxdur. Bəzi standartlar onsuz da digər standartların alt standartı kimidir. Ümumilikdə isə Azərbaycanda hansısa məktəbə muxtariyyət verilməsi effektiv olmayacaq. Çünki hazırda orta ümumtəhsil məktəblərinin nəticələri ali məktəblərə qəbul imtahanları ilə ölçülür və hesab olunur. Əgər fərqli standartlar təqdim edəcəyiksə, burada ikili və üçlü yanaşma olacaq və bu da şagirdlər arasında ciddi ajiotaja səbəb ola bilər" — müsahibimiz deyib.

Ekspert bildirib ki, hazırda Azərbaycanda təmayülləşməyə keçilməyib: "Təmayülləşmədə müəyyən məktəblər artıq bu bölgüyə gedir. Onu ayrıca həyata keçirməyə isə ehtiyac yoxdur. Çünki bəzi məktəblər humanitar ixtisaslar üzrə təmayüllü olacaq. Bəziləri texniki, bəziləri təbiət fənləri üzrə onsuz da təmayüllü siniflər olacaq. Bunun üçün həm də dərslik və ləvazimat resurslarımız yoxdur. Bəzi məktəblərə muxtariyyətin verilməsi qarışıqlıq və ikitirəliyə gətirib çıxaracaq. Yəni effektiv olmayacaq".

Respublikanın əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət isə bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsini təqdirəlayiq hesab edir. O, Sputnik Azərbaycan-a şərhində bildirib ki, şagirdlərin seçimi ilə fənlərin tədrisi aparılsa, müsbət nəticələr əldə etmək olacaq, yüksək ixtisaslı kadrlar yetişəcək.

"Bunu da mütləq sorğu nəticəsində əldə etmək lazımdır. Bütün respublika üzrə orta məktəblərdə sorğular aparılmalıdır. Bu sorğular ilk olaraq şagirdlər arasında aparılmalıdır. Orta məktəblərdə şagirdlərin özlərinin seçdiyi fənlərin daha çox keçirilməsinə üstünlük verilməlidir. Bu, olarsa, şagird istədiyi fənni öyrənmək üçün vaxtını səmərli sərf edə bilər. Fənlər Təhsil Nazirliyi, məktəb rəhbərliyi, müəllimlər tərəfindən deyil, sırf şagirdlərin özlərinin seçimi ilə aparılsa, bu, daha şəffaf nəticəyə gətirib çıxaracaq" — mütəxəssis bildirib.

A.Həsrətin sözlərinə görə, elə məktəblər var ki, şagirdlər daha çox rəsm çəkməyə meyl edirlər: "Amma görürsən ki, bu məktəbi humanitar fənn yönümlü edirlər və şagirdin fikri nəzərə alınmır. Beləcə, şagirdin rəsm çəkməyə olan marağını öldürmüş oluruq. Bu məsələnin həllində Təhsil Nazirliyinin üzərinə böyük iş düşür. Məktəbə muxtariyyət veriləcəksə, orta məktəb müəllimləri də buna hazır olmalıdır. Keçmiş dövrlərdə də məktəblər müəyyən profil üzrə fəaliyyət göstərib".