BAKI, 17 yanvar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.
Nazirlər Kabinetinə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.
Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulacaq.
Sərəncam 2018-ci il yanvarın 1-dən tətbiq edilir.