BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə və yeni 2018-ci ilin ilk ayında növbəti səfərə hazırlaşır. Sputnik Azərbaycan-a Teatrın mətbuat xidmətinə verilən xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən "Fəcr" 36-cı Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Yanvar ayının 18-dən 25-dək sözügedən festivalda iştirak etmək üçün Teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyət Tehran şəhərinə yola düşəcək.
Psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü – "Cəza" monotamaşasında yaradıcı heyət (müəllif – Tamara Vəliyeva, quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçı – Əməkdar artist Kəmalə Hüseynova) seyrciləri üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati davranış tərzləri, xarakterləri insanlığa – bəşəriyyətə münasibətləri göz önündə canlanır.
Bu psixofizioloji gərginlik mövzu və ideyası baxımından təkcə ölkəmiz üçün deyil, həm də bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununla da dramaturq məqsədi, tamaşanın ideyası qloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.
Qeyd edək ki, sözügedən tamaşa ötən mövsüm Başqırdıstan Respublikasının paytaxtı Ufada keçirilmiş Türkdilli xalqların "Tuqanlıq" Beynəlxalq Teatr Festivalında nümayiş olunaraq xarici teatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.