Azərbaycanlı jurnalist Avropa ölkəsinə buraxılmadı

"Yoxlama zamanı İradə Zeynalova dövlət adamları ilə görüşünün planlaşdırıldığını desə də, bunu sənədli şəkildə təsdiqləyə bilmədi"
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Rusiyanın "Kanal 1" telekanalında çalışan, əslən azərbaycanlı olan teleaparıcı İradə Zeynalova Moldova ərazisinə buraxılmayıb. Bu barədə Sputnik Moldova xəbər verir.

Azərbaycan əsilli jurnalist İradə Zeynalova

Moldova sərhəd polisindən verilən məlumata görə, İstanbuldan Kişinyova gələn jurnalist xanım ölkəyə buraxılmayıb. Buna səbəb onun respublikaya hansı məqsədlə gəldiyini deməməsi olub.

"Yoxlama zamanı İradə Zeynalova dövlət adamları ilə görüşünün planlaşdırıldığını desə də, bunu sənədli şəkildə təsdiqləyə bilmədi" – Moldova polisindən bildirilib.

Azərbaycanlı jurnalist Kişinyov-Moskva reysi ilə Rusiyaya geri dönüb.

Xatırladaq ki, Moldova hökuməti yanvarın 10-da Rusiya xəbər proqramlarının ölkədə yayımını qadağan edən qanunu qəbul etmişdi.