BAKI, 17 yanvar — Sputnik. Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı idmançı Anar Allahverənovun atası avtomobil qəzasında dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər veri ki, bu barədə ailənin vəkili Konstantin Lısenko məlumat verib.
Məlumata görə, 59 yaşlı Əliyar Allahverənovu vəkilin ofisinə gedərkən avtomobil vurub. Zərbənin gücündən onun ayağı yerindən qopub. Qəzanın sui-qəsd olduğu ehtimal edilir.
"Anar Allahverənovun atası avtomobil qəzasında dünyasını dəyişib. O, mənim ofisimə gələrkən vurulub. Dəfn mərasimi bu gün keçiriləcək. Anar dəfndə iştirak edə bilməyəcək" — Lısenko bildirib.
O qeyd edib ki, baş vermiş qəza ilə əlaqədar Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət işi açılıb və bu işi də Allahverənovu müdafiə edən vəkillər qurupundan bir vəkil aparır: "Hazırda hadisənin qəza və sui-qəsd olması araşdırılır. Ancaq Anarın atasını hələ keçən ildən hədələyirdilər".
Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Xabarovsk vilayətində Andrey Draçev ilə Anar Allahverənov arasında mübahisə başlayıb. İstintaq versiyasına görə, Anar idmançıya 21 əl və ayaq zərbəsi vurub. Bundan sonra yıxılıb huşunu itirən idmançıya Allahverənov daha 5 zərbə vurub.
Andrey Draçev xəstəxanada dünyasını dəyişib. Allahverənov hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.
Onu da qeyd edək ki, Allahverənovun hüquqlarını 3 vəkil müdafiə edir. Artıq məhkəmin ilk dinləməsi keçirilib, növbəti proses yanvarın 23-də olacaq.