BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın Kaliforniya ştatının polisi Devid və Luiza Terpin cütlüyünü 13 uşağının uzun müddət zorla zəncirdə dustaq kimi saxladıqlarına görə həbs edib. Həbsdən sonra onlar nə üçün bu addımı atdıqlarına heç bir məntiqi izahat verə bilməyiblər.
Sputnik Azərbaycan DW-yə istinadla xəbər verir ki, polis bölməsinə ev həbsxanasından xilas olmağı bacaran 17 yaşlı qız zəng edərək vəziyyəti çatdırıb. Qız hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyib ki, valideynləri onun 12 bacı və qardaşını zorla dustaq kimi qıfıl altında saxlayır.
Hadisə yerinə gələn polis zəncirlə çarpayılara bağlanmış və gücü tükənmiş əsirləri tapıblar. Məlum olub ki, zorla dustaq saxlanan ailə üzvləri 2-29 yaş arasındadırlar. Bütün məhkumlar yedizdirilib və xəstəxanaya göndərilib.
Bununla belə, KTLA telekanalı məlumat yayıb ki, Terpinlərin evində 6 uşağın təhsil aldığı özəl məktəb yerləşir. Məktəbin direktoru isə ailə başçısıdır.
Qonşulardan birinin sözlərinə görə, indiyədək heç kəs Terpinlər ailəsində nə baş verdiyini bilməyib.
Cütlüyə qarşı işgəncələr və uşaqların həyatına təhlükə yaradan hərəkətlərə görə ittiham elan olunub.