HADİSƏ

Azərbaycanda qanunsuz silahlar yığışdırılır

Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə vətəndaşlardan müvafiq sənədləri olmayan tüfənglər götürülüb
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Şirvan sakini polisə yaxalanmamaq üçün başqa bir cinayətə əl atıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb. Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə "AKM" markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə 5 ədəd — 2 ədəd "TOZ-16", 1 ədəd "BUM", 1 ədəd "Tula" və 1 ədəd "İJ" markalı tüfənglər götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov "İJ-16" markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib. Silahlar aidiyyatı üzrə təhvil verilib.