İQTİSADİYYAT

Azərbaycanda yeni sahibkarlıq növü yaradılır

Sahibkarlıq fəaliyyəti mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür
Sputnik

BAKI, 15 yanvar — Sputnik. "Sahibkarlıq fəaliyyəti haqqında" qanunda dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna aşağıdakı məzmunda yeni 4-1-ci maddə əlavə edilib:

Sahibkarlar üçün xoş xəbər - Fərman

"Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.".

Qanun layihəsi sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi ilə hazırlanıb.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.