Türkiyəyə arxadan zərbə: ABŞ sərhədə PKK qüvvələri yerləşdirir

"Reuters" milislərdən və terror təşkilatının üzvlərindən ibarət 30 minlik koalisiya qüvvəsinin yaradıldığını açıqlayıb
Sputnik

BAKI, 14 yanvar — Sputnik. ABŞ-ın başçılığı altında qurulan, tərkibində PKK-nın Suriya qolu olan YPG-nin də iştirak etdiyi koalisiya Türkiyə ilə sərhəddə yerləşdiriləcək. Sputnik AzərbaycanSözçü-yə istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi də bu olub.

Ötən həftə müvəqqəti işlər vəkili XİN-ə çağırılmış və ona nota təqdim olunmuşdu. O vaxt detallar açıqlanmasa da, diplomatik mənbələr ABŞ-ın YPG silahlılarının da daxil olduğu koalisiya yaratdığını və Türkiyənin etirazının da bununla bağlı olduğunu bildirmişdilər.

Bu gün isə "Reuters" milislərdən və terror təşkilatının üzvlərindən ibarət 30 minlik koalisiya qüvvəsinin yaradıldığını açıqlayıb. Bu qüvvənin Suriya-Türkiyə sərhədinə yerləşdiriləcəyi bildirilir. Türkiyəli mənbə agentliyə açıqlamasında ABŞ-ın "Sərhəd Təhlükəsizlik Gücləri"nə təlim keçdiyi və bunun Ankaranın narazılığına səbəb olduğunu deyib.