CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərqin ilk operasının səhnələşdirilməsi

1908-ci il yanvarın 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun” məhz yanvarın 12-də tamaşaya qoyulub.

1908-ci il yanvarın 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda olub: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar — red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.

Üzeyir bəyin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.