HADİSƏ

Azərbaycanda 1 qadın 9 nəfəri xəstəxanalıq edib aradan çıxdı

"Qəfildən qarşıda dönmə əməliyyatı etdi, mən maşını saxlaya bilmədim və toqquşduq"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Bu gün Bakı-Astara magistral yolunun Lənkəran rayonu Ürgə kəndi ərazisindən keçən hissəsində, doqquz nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Bakı istiqamətində hərəkətdə olan 85-CA-442 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus 44-BO-008 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili ilə toqquşub.

Toqquşma səbəbindən "Ford" markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanası

Xəsarət alanlar  Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Rzayev Rəşad Firudin oğlu, 1995-ci il təvəllüdlü Rzayeva Samirə Murad qızı, Lənkəran rayonu Vilva kənd sakini, 2000-ci il təvəllüdlü Həsənov Əli Ağahüseyn oğlu, Bəliton kənd sakini 1960-cı il təvəllüdlü Abbasova Bəstiqız və oğlu 1993-cu il təvəllüdlü Abbasov Rəşid, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova və Lənkəran şəhər sakini, 1951-ci il təvəllüdlü Namiq Qarayevdir.

Mikroavtobusun sürücüsü Etiram Qəmbərovun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, o, Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "KİA" markalı minik avtomibli qəfildən yolda dönmə manevri edib və mikroavtobusun yoluna çıxıb: "Qəfildən qarşıda dönmə əməliyyatı etdi, mən maşını saxlaya bilmədim və toqquşduq".

Əldə edilən məlumata əsasən, minik avtomiblinin sürücüsü qadın olub və o, hadisə yerindən qaçıb. Faktla bağlı araşdırmalar davam etdirilir.