İQTİSADİYYAT

Banklara 180 gün müddət verildi

Azərbaycanda bankların restrukturizasiya müddəti uzadılır
Sputnik

BAKI, 11 yanvar — Sputnik. "Banklar haqqında" qanuna dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "Banklar haqqında" qanunun 57-11.6-cı maddəsində üçüncü cümlədən "ümumilikdə 90 gün müddətinədək" sözləri çıxarılıb. Aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: "Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.".

Sadıqov: “Azərbaycanda iri bankların birləşdirilməsi gözlənilir”

Qeyd edək ki, 57-11-ci maddə bankın öhdəliklərinin könüllü restrukturizasiyası adlanır.

57-11.6-cı maddənin qüvvədə olan redaksiyasında deyilir ki, restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra — bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

Təklif olunan redaksiyada isə deyilir ki, restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra — bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər. Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.

Digər dəyişikliklə bu qanuna aşağıdakı məzmunda keçid müddəası əlavə edilib:

Maddə 2. Keçid müddəası

Bu Qanunun 1-ci maddəsi bu Qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

Qanun layihəsi bankların öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin müddətinin uzadılması imkanının artırılması məqsədilə hazırlanıb. Qanunun bu müddəası bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunacaq.

Dəyişikliklər Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası – bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur.

Qeyd edək ki, dövlət başçısı "Banklar haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.