Məşhur fizikdən Yerlə bağlı qorxunc proqnoz: Cəhənnəmə dönəcək!

Dünyaca məşhur fizik: "Yer kürəsi istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir"
Sputnik

BAKI, 11 yanvar — Sputnik. İngilis nəzəriyyəçi-fiziki Stiven Hokinq hesab edir ki, Yeri Günəş sisteminin digər planetlərinin, məsələn, Veneranın taleyi gözləyir.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Hokinq bu barədə özünün "Sevimli yerlər" (Stephen Hawking's Favourite Places) videolayihəsi çərçivəsində danışıb. O qeyd edib ki, 200 ildən sonra artıq insanların yeni "ev"ə ehtiyacı yaranacaq.

Alimin fikrincə, iqlim dəyişiklikləri bəşəriyyəti yox olmağa doğru aparır, Yer kürəsi isə istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir.

Əgər bəşəriyyət parnik tullantılarını ixtisar etməsə, gec-tez Yerdə orta temperatur 460 dərəcəyə çatacaq.

Alimlər hesab edirlər ki, 4 milyard il əvvəl Venera praktiki olaraq Yerin eynisi olub. Onun atmosferi, dənizləri və bitki örtüyü var imiş. Amma bir sıra səbəblərdən planet "məhv olub".

"Yer kürəsinin 4,5 milyard il yaşının olduğunu nəzərə alsaq, 200-500 il kifayətdir ki, Yer kürəsi tamamilə həyatın olmadığı səhraya çevrilsin" – Hokinq deyib.

Bununla əlaqədar olaraq, Hokinq ətraf mühitin tullantılarla çirkləndirilməsinin azaldılması ilə bağlı beynəlxalq müqavilələri xatırladıb. Fizik ABŞ prezidentini Amerikanı iqlimlə bağlı Paris razılaşmasından çıxmaqla planetimizin "ölüm hökmünü imzalamaq"da günahlandırıb.

Stiven Hokinq Kembric Universitetinin sabiq riyaziyyat professoru və beynəlxalq bestsellerə çevrilmiş "Zamanın qısa tarixi" kitabının müəllifidir.