Dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır

İstintaq komitəsi qətllə bağlı cinayət işi açıb
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Rusiyada dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Xabarovskda pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin qətli ilə bağlı ilkin dinləmələr yanvarın 15-nə təyin olunub.

İclas qapalı rejimdə keçiriləcək. Həmin dinləmələrdə proses üzrə ilk məhkəmə iclasının tarixi, həmçinin prosesin qapalı və ya açıq keçiriləcəyi müəyyənləşdiriləcək.

Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində Xabarovskda kafenin qarşısında Andrey Draçevlə təqsirləndirilən şəxs Anar Allahverənov arasında mübahisə düşüb. İddiaya görə, təqsirləndirilən şəxs yumruq və təpiklərlə zərərçəkənin baş və bədən nayihəsinə çoxsaylı zərbələr endirib. Hətta o huşunu itirdikdən sonra belə Allahverənov ona başından 5 ağır zərbə endirib. Aldığı xəsarətlərin ağırlığından Draçev xəstəxanada dünyasını dəyişib.

İstintaq komitəsi qətllə bağlı cinayəti işi açıb. Təqsirləndirilən şəxs hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.