Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 11 yanvar — Sputnik. "Son 1 il ərzində ABŞ 1,1 milyon barel gündəlik neft hasilatını artırıb və artırmaqda davam edir. Hazırda ABŞ 1970-ci ilin əvvəlindəki rekordlarını yeniləməklə məşğuldur".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri
deyib. Ekspert bildirib ki, buna bazarda neftin qiyməti kifayət qədər dəstək verir: "ABŞ-da neft hasilatının artmasında şist neft yataqlarının olduqca böyük əhəmiyyəti var və onlar daxili bazara böyük həcmdə neft çıxarırlar. Yaxın dövr üçün ABŞ-da neft hasilatının yüksələn xətlə artması gündəmdədir. Bu, təkcə neft hasilatı ilə yox, qaz hasilatının artımı ilə də bağlıdır. Ümumiyyətlə, qaz hasilatı gələn 10 illikdə ABŞ-ın enerji siyasətində xüsusi yer tutacaq".
"Əgər ABŞ neft hasilatında Səudiyyə Ərəbistanını keçsə, bazarda nə baş verə bilər?" sualına cavabında ekspert bildirib ki, qısamüddətli dövr üçün Səudiyyə Ərəbistanı ilə Rusiyada hasilatın artımı gündəmdədir: "Ancaq proqnozlara baxsaq, orta perspektiv üçün Rusiyada neftin azalmaya doğru getməsi tendensiyası baş verəcək. Çünki Rusiyadakı yataqların əksəriyyəti "qocalıb". Səudiyyə Ərəbistanına da baxsaq, ümumiyyətlə, onlarda bazara neft verdikləri əsas yataqlar kifayət qədər uzun müddət istismarda olanlardır".
"Ancaq dünya iqtisadiyyatı yüksək templərlə inkişaf edir və buna da enerji lazımdır. Hələ ki, dünya enerji balansında ilk yerdə neft dayanır. Ona görə də ABŞ-da çıxarılan nefti dünya bazarı çox böyük həvəslə qəbul edir. Bu da digər ölkələrdəki neft azalmasını balanslaşdırır. Yəni, bazarda neftin azalmasını biz görmürük" — İ.Şaban vurğulayıb.
Onun sözlərinə görə, həm Beynəlxalq Enerji Agentliyi, həm də OPEC proqnozlarında qeyd edir ki, neftə olan tələbat ildən-ilə az miqdarda da olsa artır: "Ancaq bu artımı qarşılamaq lazımdır. Digər tərəfdən, ABŞ-da son bir ildə güdəlik hasilat 1,1 milyon barel artsa da, dünya bazarında neftin qiyməti düşməyib. Əksinə, dünya bazarında neftin qiyməti 30 faizə yaxın artıb. Amma növbəti il üçün bu qədər artım olmayacaq".
Müsahibimizin dediyinə görə, beynəlxalq enerji mərkəzləri, o cümlədən Dünya Bankı gələn il üçün neftin qiymətində 3 dollar artım proqnozlaşdırır: "Baxmayaraq ki, yenə də neft hasilatında artım proqnozlaşdırılır. Yəni, 2018-ci ildə dünya üzrə az həcmdə neft hasil edilməyəcək".
İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əgər bazarda təklif tələbi üstələyərsə, bu, qiymətlərə mənfi təsir göstərəcək, qiymətlərin enməsinə səbəb olacaq: "Amma ABŞ-da neft hasilatının artması birbaşa o demək deyil ki, mütləq dünya bazarında təklif artır. Əsas odur ki, dünyada təklif tələbi üstələməsin".
"ABŞ-ın mövcud qiymətlərlə hasilatı artırmaq imkanları var. Amma qiymət düşərsə, onda bir qədər problem olacaq. Çünki neft hasilatının artması şist neftin sayəsində mümkün olur və bu da qiymətdən asılıdır. Yəni burada maraqları sanki balanslayan bir məsələ var" — deyən S.Bağırov iddia edir ki, prinsipcə, ABŞ-da neft hasilatının artmasının OPEC-in hasilatın azaldılması anlaşmasına təsiri ola bilər.
Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları İdarəsi "ABŞ-da neft hasilatı gələn il ərzində 10 mln. barel/gün həddini ötəcək" açıqlamasını verib. İdarənin yaydığı məlumata əsasən, ABŞ-da 2017-ci ildə orta gündəlik neft hasilatı 9,2 mln. barel olacaq.
"2018-ci ildə isə bu göstərici 10 mln. barel/günə çataraq 1970-ci ilin 9,6 mln. barel/gün orta illik hasilat rekordunu yeniləyəcək. ABŞ-ın neft hasilatının 2018-ci ildə Səudiyyə Ərəbistanını üstələyəcəyi gözlənilir. Belə ki, Səudiyyə Ərəbistanında noyabr ayında neft hasilatı 9,97 mln. barel/gün olub. Ekspertlər neftin qiymətinin cari səviyyəyə yaxın qalması durumunda ABŞ-da hasilatın artıq 2019-cu ildə Rusiyanı da keçəcəyini bildirirlər. Rusiyada neft hasilatı noyabrda 11,1 mln. barel/gün olub" — İdarədən bildirilib.