BAKI, 10 yanvar — Sputnik. Son zamanlar yüksək qızdırma, əsasən gecə saatlarında olan boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gələn və bəzən aylarla davam edən bezdirici xəstəlik çox yayılıb.
Uşaqlar arasında yayılan, kəskin öskürəklə müşahidə edilən xəstəlik barədə pediatr Günay Rəsulova öz facebook səhifəsində məlumat verib. Pediatr qeyd edib ki, müayinə üçün müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə almış və "effekt görməmiş" xəstələrdir.
"İlk cümlələri də "ən yaxşı həkimlər baxıb, amma sağalda bilməyiblər" olur. Məsələ orasındadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Aparılan müalicələrə baxmayaraq, xəstəlik öz müddətini başa vurmamış, simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə müşayiət olunan gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir. Belə uşaqlar mütləq həkim nəzarətində olmalıdır. Körpələrə isə stasionar nəzarət də lazım gələ bilər" — deyə pediatr bildirib.
G.Rəsulova qeyd edib ki, valideyn bu durumda mümkün olduqca təmkinli olmalıdır. Qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır.
Öskürən uşağı hansı halda xəstəxanaya yatırmaq lazımdır?
Pediatr bildirib ki, həkim uşağı müayinə edir və yatışa göstəriş verirsə, valideyn təşviş və ürəyində şübhə dolu baxışlarla ilk sualı verir: "Yatmadan müalicə olmazmı?" Elə hallar var ki, evdə müalicə olmaz.
Həkimin sözlərinə görə, əgər öskürən uşaqda pnevmoniya — ağciyərlərin iltihabı həm klinik, həm də obyektiv rentgen müayinəsi ilə təsdiqlənmişsə və uşaq 2 aydan balacadırsa, o, müalicəni yataraq almalıdır. İki aydan yuxarı yaşı olan uşaqlar isə nəfəs almaqda çətinlik çəkirsə, südəmər uşaqda tənəffüs sayı dəqiqədə 70-dən çoxdursa (böyük uşaqlarda dəqiqədə 50-dən çoxdursa), hipoksemiyası varsa (SpO2 92%-dən aşağıdırsa), şüur pozğunluğu varsa, uşaq ağızdan qidalana bilmirsə, susama və önəmli miqdarda qusma varsa, toksik əlamətlər varsa, içmə antibiotiklərlə effekt alınmayıbsa, evə yazılmış müalicə effekt verməyibsə, ağciyərin 1 neçə payında iltihab varsa, geniş atelektaz, abses, pnevmotosel, plevrada maye varsa, sürətli radioloji pisləşmə varsa, mütləq xəstəxanada müalicə almalıdır. Həmçinin müalicə uyumsuzluğu (ana-atanın müalicəyə uymaması), sosial göstəriş (ailənin evdə uşağa baxma şəraitinin yetərsiz olması) varsa, xəstəxana şəraitində müalicəyə müraciət edilməlidir.
Pediatrın dediyinə görə, sadalanan hallar xaric, öskürən uşaq evdə müalicə edilə bilər, bağçada isə yox. "Resept və dərmanlarla müalicə alan uşaqları bağçalara göndərməyin. Bu, uşağın ağırlaşma ehtimalını artırır" — deyə həkim xəbərdarlıq edib.