BAKI, 10 yanvar — Sputnik. Bəşər Əsədə bağlı ordu qüvvələrinin havadan və qurudan Həma və İdlib bölgələrini bombalaması səbəbilə yüzminlərlə suriyalının Türkiyəyə köç etmə riski yaranıb. İddiaya görə, əgər mülki vətəndaşlara qarşı hərbi əməliyyatlar davam edərsə, 2 milyona yaxın insan canını qurtarmaq üçün Türkiyə tərəfə keçə bilər.
Artıq köç dalğasının başladığı da bildirilir. Yüz minə yaxın qaçqın sərhədi keçmək üçün gözləyir.
Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, rejimə bağlı əsgərlər məscidləri, məktəbləri və xəstəxanaları havadan bombalamağa davam edir.
Rəsmi Ankara İdlib və Həmadakı hadisələrlə bağlı Rusiya və İranın Türkiyədəki səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib. "İdlib və Həmada yaşananlar Soçi və Astana proseslərinə ciddi zərbə vurmaqdadır. Bizimlə birgə zəmanətçi ölkələr olan İran və Rusiya Bəşər Əsədə dərhal xəbərdarlıq etməlidir. Rejim "əl-Nusra"nı bəhanə edərək mülki vətəndaşları bombalayır. Biz bunu qəbul edə bilmərik" — Türkiyə XİN bəyan edib.