CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd sakinləri ev-eşiklərini tərk edir — Bölgədə ciddi problem

"Nə qədər insan tanıyıram ki, təcili yardım gəlib çatmayıb, maşınla rayon xəstəxanasına aparılarkən yolda keçinib"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Deyirlər, yol mədəniyyətdir. Amma Qax rayonunun Xələftala kənd sakinləri üçün bu məfhum yaddır. Adıçəkilən kəndin sakinlərinin sözlərinə görə, bu yol onlara hələ ki, problem, dərd-sərdən başqa heç nə verməyib.

Məsələn, Sofi Quloşvili adlı sakin kəndin yol probleminə görə həmin kəndi ailəsi ilə birlikdə tərk edib. O, yaşadıqları çətinlikləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladır: "Kəndimiz çox səfalıdır. Hər tərəf meşədir. Lap cənnəti xatırladır. Amma bu "cənnət"in yol problemi imkan vermədi ki, mən ömrümün axırına qədər orada yaşayım".

"O kənddə mənim uşaqlığım keçib, orada torpaqlarımız var. Xəstəliyimlə əlaqədar rayon mərkəzinə tez-tez gedib-gəlməliydim. Lakin yolsuzluq üzündən mümkün deyildi. Nəticədə məcbur olub ailəmizlə birlikdə başqa bir kəndə köçdük. Xələftalada artıq çox az adam yaşayır. Onlar imkansızlıqdan kənddən köçə bilmirlər" — Quloşvili danışır.

Yaşlı Sofi xanımın sözlərinə görə, taksi sifariş edəndə sürücü onlardan beşqat pul alır: "Həyat yoldaşım xəstə idi. Təcili yardım çağırdıq, yol probleminə görə ambulans gəlib çatmadı, yoldaşım can verdi. Kənd sakinləri də avtomobil almırlar, çünki bu yolla ancaq bir-iki dəfə gedib-gələ bilərlər. Taksi sürücüləri də kəndin adını eşidəndə ya yüksək qiymət deyirlər, ya da ora getməkdən imtina edirlər".

Qaxın Xələftala kəndində yol

Bənzər problem rayonun Qımır kəndində də hökm sürür. Kənd sakini İsa İsayev bildirir ki, kənddə nə yol var, nə də tibb məntəqəsi: "Yaşlı adamam, bəzən gecənin bir aləmi halım pisləşir, evdəkilər bilmir nə etsinlər. Təcili yardım çağıranda da həkim gəlib çıxınca, əksər hallarda iş-işdən keçmiş olur".

"Nə qədər insan tanıyıram ki, təcili yardım gəlib çatmayıb, maşınla rayon xəstəxanasına aparılarkən yolda keçinib. Axı biz də insanıq, biz də bu ölkənin vətəndaşıyıq. Məgər biz yoldan ötrü əziyyət çəkməliyik, hansı dövrdə yaşayırıq?" — deyə İ.İsayev gileylənir.

Digər kənd sakini Mehman Abdurrahmanov isə məlum problemlə bağlı rayon icra hakimiyyətinə məlumat verdiyini deyir: "Mən bir dəfə icra başçısından xahiş etdim, o da texnika göndərdi, yolu bir az genişləndirdilər. Amma yol asfaltlanmadığından dizə qədər palçığa batırıq. Yayda bataqlığa dönmüş yoldakı üfunətdən boğuluruq, qışda isə gediş-gəliş xeyli çətinləşir".

Qaxın Xələftala kəndində yol

Yəqin ki, müvafiq qurumlar yolun olmaması səbəbindən əhalinin kəndləri tərk etməsinin, regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın adına yaraşmadığını başa düşürlər. Və yəqin ki, onlar ümummilli lider Heydər Əliyevin məşhur kəlamını da unutmayıblar: "Yol — iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir".