BAKI, 9 yanvar — Sputnik. 2018-ci il yanvarın 1-dən Rusiya Dövlət Yol Müfəttişliyi əməkdaşlarının sayı 10 min nəfər ixtisar edilib.
Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Büdcədən maliyyələşdirilən daxili işlər orqanları əməkdaşlarının maksimum sayı 894.871 səviyyəsində müəyyən edilib.
DİN bununla prezidentin 31 dekabr 2017-ci il tarixli 652 saylı fərmanını icra edib.
Məlumata görə, Yol Patrul Xidməti və Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının sayı qeydiyyat işləri, imtahan götürmə və sürücülük vəsiqəsini vermə üzrə vəzifələrdən başqa, digər sahələrdə azaldılıb.
İxtisara düşən polislər Daxili İşlər Nazirliyinin digər şöbələrindəki vakant vəzifələrə müraciət edə bilərlər.