Türkiyə dörd Avropa ölkəsində təftişə başlayır

Türkiyə parlamenti Avropa İttifaqının üzvü olan 4 ölkədə islamofobiya ilə bağlı situasiyanın araşdırılmasına dair komissiya təşkil edib
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Türkiyə parlamenti Avropa İttifaqının üzvü olan 4 ölkədə islamofobiya ilə bağlı situasiyanın araşdırılmasına dair komissiya təşkil edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, türk deputatlar əsas diqqətlərini "islamofobiya təzahürlərinin özünü ən çox qabarıq göstərdiyi" ölkələr — Avstriya, Almaniya, Fransa və Belçika üzərində cəmləşdiriblər.

Onlar bu ölkələrdən yerində araşdırma aparmaq üçün icazə almağı planlaşdırırlar. Komissiya öz işinə yanvarın 9-da başlayacaq.

Belga” agentliyi Türkiyə parlamentinin bu təşəbbüsünü Avstriya vətəndaşlarının çoxsaylı irqçi yanaşmalarına cavab tədbiri kimi qiymətləndirib. 2018-ci ildə Vyanada doğulan ilk uşaq türk əsilli qız olub. Bu məlumata Avstriya vətəndaşları irqçi reaksiya nümayiş etdiriblər. Nəticədə TBMM Avropadakı islamofobiya ilə bağlı vəziyyəti araşdırmaq qərarına gəlib.

Avstriya ilk dəfə deyil ki, müsəlmanlara qarşı hücumlarda günahlandırılır. Belə ki, ötən ilin iyun ayının sonlarında həmin vaxt xarici işlər naziri olan Sebastyan Kurtsun Avstriyadakı müsəlman uşaq bağçalarının bağlanmasına dair fikirləri müsəlman ictimaiyyətin narazılığına səbəb olmuşdu.

Kurts demişdi ki, müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar uşaqların cəmiyyətə inteqrasiyasına imkan vermir. "Avstriyaya müsəlman uşaq bağçaları lazımdırmı" sualının cavabında nazir demişdi: "Bizim onlara ehtiyacımız yoxdur. Bizdə müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar olmamalıdır. Uşaq bağçaları uşaqları məktəbə hazırlamalıdır ki, onlar alman dilində danışa bilsinlər. Lakin müsəlman uşaq bağçaları etnik və dil prinsipi ilə fərqlidirlər."

Kurtsun fikrincə, müsəlman uşaq bağçalarının əsas problemi odur ki, onlar uşaqları əsas cəmiyyətdən təcrid edirlər. Həmin vaxt Kurtsun nümayəndələri bu fikri qəbulolunmaz adlandırmışdılar. Kurts hazırda Avstriyanın baş naziridir və müsəlman uşaqlarla bağlı fikirlərini dəyişməyib.

Qeyd edək ki, hazırda təkcə Avstriyanın paytaxtı Vyanadakı müsəlman uşaq bağçalarında 10 minə yaxın uşaq tərbiyə alır.