BAKI, 9 yanvar — Sputnik. "Təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu itkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib.
"Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı" — deyə A.Herrer vurğulayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə itkin düşən alpinistlərin sözügedən avadanlıqlarla təchiz olunmamasına görə onların üzvü olduqları klubun məsuliyyət daşıdığını deyib.
"Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur" — Əliyev bildiirb.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşən 3 alpinist tapılana kimi axtarışların davam etdiriləcəyini bəyan edib: "Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun konkret tapşırığı var".
"Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan — B1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib" — Tağızadə bildirib.
Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.