CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həmyerlimizdən böyük iddia: "Qaqarin kosmosa uçanda..."

Dönmə işıqlarının kəşf etdiyini iddia edən azərbaycanlı: "Sonra onlardan Moskvada geniş istifadə edilməyə başladı"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Avtomobil həvəsi, sürət və adrenalin istəyi, əsasən gənc nəsil üçün xarakterikdir. Gənclər müxtəlif model avtomobillər alaraq fərqli görkəm verir, əlavə detallar artıraraq daha sürətli hala gətirir, tükənməz gənclik enerjilərini bir növ bu sahəyə sərf edirlər.

Tovuzdan olan Aslan İsmayılov isə enerjisinə görə gənc avtomobil həvəskarlarından seçilməsə də, yaşına görə onlardan çox fərqlənir. Rayonun Yuxarı Öysüzlü kəndində yaşayan Sputnik Azərbaycan-ın həmsöhbətinin nə az, nə çox, düz 80 yaşı var.

Aslan İsmayılovun kiçik yaşlarından avtomobillərə, texnikaya böyük marağı olub. Bu maraq onu yeniyetmə yaşlarında böyük imperiyanın "Göz yaşlarına inanmayan" paytaxtına aparıb çıxarıb. 20 yaşından Moskvada sürücü kimi işə başlayan Aslan kişi bir müddət sonra vətənə dönüb və doğma rayonunda sürücü-avtomexanik kimi fəaliyyətini davam etdirib.

1954-cü ilin istehsalı olan "Moskviç-401" avtomobili

O dövrdə rabitə sahəsində istedadlı adamlara çox ehtiyac olduğundan, işini dəyişməli olan müsahibim ömrünün 28 ilini rabitəçi kimi keçirib. Son 5 ilədək bu sahədə çalışdıqdan sonra təqaüdə çıxıb.

Çalışdığı işdən, yaşından asılı olmayaraq onun avtomobillərə olan həvəsi heç vaxt azalmır. Hazırda Aslan İsmayılovun çardağında yan-yana 3 avtomobil dayanır ki, hərəsi bir tarixi yaşadır.

Avtomobillərdən ən qədimi 1954-cü il istehsalı olan "Moskviç-401"-dir ki, istehsalından 63 il keçməsinə baxmayaraq, bu gün də saz vəziyyətdə hərəkət edir. Qiymətinə gəlincə, Aslan dayı avtomobilinin 60 min manat dəyərində olduğunu deyir.

İstehsalından 60 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, "Moskviç" saz vəziyyətdədir

Digər avtomobili isə 1977-ci il istehsalı olan "VAZ 2101"-dir. Fədakar fəaliyyətinə görə dövlət tərəfindən verilən bu avtomobil artıq 40 ildir onun həyətinin bəzəyinə çevrilib. Hər gün "dəmir atının" qulluğunda dayanan A.İsmayılov bu illər ərzində avtomobilində heç bir detal dəyişdirmədiyini deyir. Yalnız daha sürətli olsun deyə sürət qutusu və "difer"ini xaricdə istehsal olunan avtomobil detalları ilə əvəzləyib.

Aslan İsmayılovun bu "Jiquli"si 41-ci "yaş"ına keçib

Zəhmətkeş insanın üçüncü — gündəlik işlərində ən çox istifadə etdiyi avtomobili "VAZ 2101"-dir. Aslan kişi ondan daha çox istifadə etməsini maşının daha qıvraq və sürətli olması ilə əlaqələndirir.

Həmsöhbətimizin avtomobillərə olan marağı tək onlara qulluqla məhdudlaşmır. Dediyinə görə, dönmə siqnallarını ilk dəfə o, ixtira edib və Moskva şəhərində istifadə etdiyi "QAZ-51" maşınında quraşdırıb.

O, bunun 1961-ci ildə baş verdiyini iddia edir: "1961-ci ildə Qaqarin kosmosa uçanda mən onu Moskvada öz "QAZ-51" avtomobilimə quraşdırmışdım. Bunun üçün əlavə faralar artırmışdım. Sadəcə indiki "pavarotnik"-lərdən fərqi onda idi ki, əlimlə yandırıb söndürürdüm".

Aslan kişi hər iki avtomobilini eyni dərəcədə sevsə də, gündəlik xırda işlərinin dalınca "Jiquli"də gedir

Aslan İsmayılov sonradan hərbi xidmətə yollandığını və 3 il 6 aydan sonra Moskvaya qayıtdığında dönmə siqnallarından artıq geniş istifadə edildiyinin şahidi olduğunu söyləyir.

Ölkəmizdə ən yaşlı avtomobil həvəskarı

Qeyd edək ki, SSRİ istehsalı olan avtomobillərdə dönmə siqnalı (povorotnik) ilk dəfə olaraq “Pobeda” markalı avtomobilin “İkinci buraxılışı” (1949-1955-ci illər) olan "QAZ-M20"-də tətbiq edilib. 
Həmin vaxta qədər sürücülər dönəcəkləri istiqamətlə bağlı işarələri əllə verirdilər.

Yeni model “Pobeda”ya isə ilk dəfə olaraq elektrik dönmə siqnalı və qəza-dayanma işıqları quraşdırılmışdı. Bu maşına ilk dəfə olaraq elektrik silgəcləri (şüşəsilən) də məhz həmin vaxt qoyuldu.

Ümumiyyətlə, dünyada avtomobillər üçün ilk dönmə siqnalını 1925-ci ildə Amerikada Edqar Valts ixtira edib. Əvvəllər dönmə siqnalları xüsusi fənərlər vasitəsilə verilirdi. Sonra onları oxşəkilli mexaniki göstəricilər əvəzlədi. Hərəkətin istiqamətini göstərən ilk müasir dönmə siqnalının yaradılması  məhz Valtsın xidmətidir. 1925-ci ildə dönmə siqnalı onun adına patentləşdirilib.

Amma dönmə siqnalı avtomobillərdə ixtirasından 14 il sonra tətbiq olunmağa başladı. Həmin vaxt artıq ilk patentin müddəti bitmişdi. Dönmə siqnalı olan ilk avtomobil 1939-cu ildə istehsal edilən Buick Roadmaster olub.

Bəlkə də, A.İsmayılov ilk dəfə onun ixtira etdiyini dediyi dönmə siqnalının, məhz "QAZ-51"də olmadığını nəzərdə tutub…