BAKI, 9 yanvar — Sputnik. Yanvarın 8-i saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo" markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 6-da Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.
Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.