Müsəlman aləmində qalmaqal qoparacaq səs yazısı ortaya çıxdı

"Biz Amerikanın Qüds qərarını sadəcə ictimaiyyət qarşısında qınayacağıq, vəssalam"
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Misir dövlətinin kəşfiyyat xidmətində çalışan kapitan rütbəli Əşrəf əl-Kolinin səs yazısı ölkə gündəminə bomba kimi düşüb. Məlumat hələlik rəsmi olaraq təsdiqlənməsə də, iddianın özü belə, Misir cəmiyyətində hay-küyə səbəb olub.

Daha bir ölkə İsraildəki səfirliyini Qüdsə köçürür

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın "New York Times" qəzetində yayımlanan səs qeydərində, kəşfiyyatçı Koli telekanal aparıcılarına zəng vuraraq onlara, "Qüds bizim üçün o qədər də önəmli deyil, tamaşaçıları bu mövzudan yayındırın" göstərişi verib.

"Biz Amerikanın Qüds qərarını sadəcə ictimaiyyət qarşısında qınayacağıq. Vəssalam. Bu da kütləni sakitləşdirmək məqsədi ilə ediləcək. Siz aparıcılar isə ümumiyyətlə bu mövzuya toxunmayın. Qüds məsələsini o qədər də böyütmək lazım deyil. İsraillə mübarizə Misirin milli məsələsi deyil" — Əşrəf əl-Koli bildirib.

Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ən səthi reaksiya verən müsəlman ölkələrdən biri də Misirdir.

2012-ci ildə Misirdə ilk dəfə demokratik yolla hakimiyyətə gələn Məhəmməd Mursi 2013-cü ildə hərbi çevrilişlə devrildikdən sonra Misirin Fələstin siyasəti də ciddi şəkildə dəyişdi. Hakimiyyətə gələn general Əbdülfəttah əs-Sisi Mursidən fərqli olaraq İsrailin Fələstin ərazisini işğalına heç bir reaksiya göstərmir.