BAKI, 7 yanvar — Sputnik. Sosial şəbəkələrdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Nikolozın gürcü xəngəlini yemək qaydasını öyrətdiyi video yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mixail Saakaşvili özünün facebook səhifəsində məlumat verib.
"Oğlum Nikuşa beynəlxalq ingilisdilli auditoriyaya gürcü xəngəlini (xinkali) necə düzgün yeməyin qaydasını öyrədir" — deyə Saakaşvili bildirib.
O, sözügedən videonu da paylaşıb.
Videoda Nikoloz ingilis dilində izah edir ki, gürcü xəngəlini çəngəl-bıçaqla deyil, əllə yeyirlər.
"Xəngəlin başından tutub onu başıaşağı çevirirsiz, azca dişləyirsiz və əvvəlcə içindəki suyu sorursuz, sonra isə başındakı xəmirə qədərki hissəsini yeyirsiz" — deyə Nikoloz bildirib.