SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerika İrandakı aksiyalara nə üçün dəstək verdi?

Gökdağ bildirib ki, Amerika Birləşmiş Ştatları İrandakı hadisələrin böyüməsini, nəticədə rejim dəyişikliyi olmasını arzu edir
Sputnik

BAKI, 7 yanvar — Sputnik. "İrandakı hadisələr ölkənin tənəzzüldə olduğuna, hökumətin yıxıldığına dəlalət eləmir". Bu barədə Sputnik Azərbaycana politoloq Zərdüşt Əlizadə İrandakı etiraz aksiyalarını şərh edərkən deyib.

"Hazırda İranda iqtisadi vəziyyət ürəkaçan deyil. İnsanlar buna etiraz edir. İranda gənc təbəqənin sayı olduqca böyükdür. Əhalinin 50 %-dən çoxu 30 yaşdan aşağıdır. İşsizlik səviyyəsi yüksəkdir, 20%-dən 40%-ə qədər. Unutmayaq ki, bu ölkə 30 il sanksiyalar altında olub. Embarqolar hələ təzə-təzə, o da qismən götürülüb. Belə şəraitdə, təbii ki, sinfi qütbləşmələr yaranır. Varlılarla kasıblar arasında uçurum daha da dərinləşir. Etirazlar da məhz buna görədir" — Əlizadə bildirib. 

Politoloq qeyd edib ki, İran İslam Respublikasında dinc aksiyalara icazə verilir:

Xameneyi heç yerə qaçmayacaq

"İstər ölkənin Ali dini lideri Əli Xameneyi, istər prezident Həsən Ruhani, istərsə də digər rəsmi şəxslər vətəndaşların dinc aksiya keçirmək haqları olduğunu söyləyirlər. Onlar dövlət və özəl mülklərə, ictimai asayişə ziyan vurulmaması şərtilə etiraz nümayişlərinə icazə verildiyini dəfələrlə bildiriblər. Ancaq bu qaydalara əməl etməyərək, vurub dağıdaraq, çevrilişə can ataraq nümayişlər etmək nəinki İranda, bu gün İrana düşmən kimi baxan ABŞ-da belə qadağandır. Avropanın özündə də bu cür aksiyalara icazə verilmir".

Zərdüşt Əlizadə qeyd edib ki, hazırda bəzi dairələr İranda çevriliş olacağına ümid bəsləyirlər, ancaq bu mümkün deyil: "Bu, çox axmaq və səfeh gözləntidir. İranda hakimiyyət çox güclüdür və sosial təbəqədən kifayət qədər böyük dəstək görür".

Mövzunu Sputnik Azərbaycan-a Türkiyənin Səlcuq Universitetinin əməkdaşı, politoloq Güngör Gökdağ da şərh edib:

"İrandakı xalq ayaqlanmasının kökündə siyasi yox, sırf iqtisadi səbəblər durur. Ölkədə işsizlik yüksək səviyyədədir. Etiraz aksiyalarını hər hansı təşkilat, fraksiya və ya şəxs təşkil etmədi. Vətəndaşlar özləri bu hərəkatı başlatdı. İranda iflas etmiş şirkətlərin ucbatından xeyli sayda insan işsiz qaldı. Bunu fürsət bilən rejim əleyhdarı qüvvələr də xalqla birlikdə meydanlara axışdı. Təəssüf ki, kütləvi aksiyaları dağıtmaq istəyərkən həyatını itirənlər oldu. Hökumət ölümlərdə polisin əli olmadığını, xarici agentlərin işi olduğunu bildirsə də, reallıq budur ki, çoxlu sayda insan dünyasını dəyişdi". 

Sadıxov: “İrandakı rejimi dəyişmək asan məsələ deyil”

Gökdağ bildirib ki, Amerika Birləşmiş Ştatları İrandakı hadisələrin böyüməsini, nəticədə rejim dəyişikliyi olmasını arzu edir: "Məqsəd İsrailin təhlükəsizliyini daha da möhkəmləndirməkdir. ABŞ İsrailə yaxın, güclü ordusu olan, xüsusilə də nüvəsi olan müsəlman dövlətinin varlığını heç zaman arzu etməz. Bu səbəblə də, aksiyalar başlayan gündən etirazçılara açıq dəstək verir. Onsuz da neçə ildir ki, Yaxın Şərq Amerikanın nəzarətində dizayn edilir. İrandakı hadisələr də bu prosesin parçası olacaq. Ancaq bir şey var ki, İran Suriya deyil. Minilliklərə söykənən dövlətçilik ənənəsi var. Rejim bir yolunu tapıb hadisələri nəzarətə götürə biləcək".

Politoloq sonda deyib ki, hökumət baş verənlərdən nəticə çıxarmalı və yeni islahatlar həyata keçirməlidir. Əks halda, oxşar qiyamlar nə vaxtsa yenidən başlayacaq.