BAKI, 5 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp, əqli cəhətdən qüsurlu olduğu barədə iddiaları Twitter vasitəsilə şərh edib.
Maykl Vulf (Michael Wolff) qələmə aldığı "Alov və hiddət: Trampın Ağ Evinin içində" adlı kitabında Trampın psixi xəstə olduğunu və prezidentlik postuna yaramadığını qeyd edib. Tramp isə bu iddiaya Twitter vasitəsilə cavab verib.
O, Rusiya ilə əlaqələrinə dair iddiaların bir ildir sübuta yetirilə bilmədiyini, bu səbəbdən də "yalan xəbərlər üzrə aparıcı media"nın taktiki olaraq onun əqli çatışmazlığı, psixi durumu ilə bağlı arqumentlər uydurduğunu qeyd edib. ABŞ prezidenti özünü tərifləməyi, keçmiş rəqibi Hillari Klintonu sancmağı da yaddan çıxarmayıb:
"Əslində həyatım boyu malik olduğum iki ən önəmli cəhətim əqli sabitliyim və həqiqətən də ağıllı olmağımdır. Saxtakar Hillari Klinton da bu kozırlardan istifadə etmişdi. Amma hamının bildiyi kimi yerində oturduldu. Mən çox uğurlu bir iş adamı olmaqla yanaşı məşhur bir televiziya ulduzu idim. Sonra isə ilk cəhddə ABŞ prezidenti oldum. Məncə bu, ağıllı deyil, hətta dahilər kateqoriyasına daxildir. Özü də çox sabit bir dahi".
Xatırladaq ki, məşhur amerikalı jurnalist Maykl Vulf ABŞ prezidenti Donald Trampın rəhbərlikdə olduğu ilk ilini kitab formasında qələmə alıb.