BAKI, 6 yanvar — Sputnik. Bu gün İtaliya kinosunun ən məşhur ulduzlarından olan Adriano Çelentanonun 80 yaşı tamam olur.
Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda doğulub. Azərbaycan tamaşaçısı onu daha çox “Binqo-Bonqo”, “İnadkarın ram edilməsi”, “Blef” filmlərindən tanıyır.
Aktyor olmaqla yanaşı, Çelentano həm də estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim, televiziya aparıcısıdır. 1964-cü ildə aktrisa Klaudiya Mori ilə evlənib və hələ də bir yerdə yaşayır. Bu izdivac dünya kinosunun ən möhkəm izdivaclarından biri sayılır. Onların 3 övladı var.
Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano 600 mahnı ifa edib, ümumi tirajı 150 milyonu keçən 41 albom buraxıb. Onun şərəfinə 1987-ci ildə kəşf edilmiş asteroid adlandırılıb.