BAKI, 6 yanvar — Sputnik. Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri Mahmud Əliyev küçəsində 1948-ci il təvəllüdlü Səkinə Nurməmməd qızı Abdullayeva şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus, Elşad Ələddin oğlu Əhmədovun idarə etdiyi “Jaq” markalı, 99 JA 059 dövlət nömrə nişanlı zibil daşıyan yük maşını ilə vurulub.
S.Abdullayeva əlindəki zibil torbalarını maşına atmaq istəyərkən qadının orada olmasından xəbərsiz olan sürücü maşını arxaya çevirib. Yük maşını 70 yaşlı Səkinə Abdullayevanın üstündən keçib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.