CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur rusiyalı jurnalist qışda Qəbələ şəlaləsində çimdi – FOTO

Ekstremal verilişin müəllifi məşhur regionu ziyarət etmək üçün Azərbaycana gəlib
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Rusiyanın NTV telekanalının jurnalisti, zooloq, survivor üzrə mütəxəssis Timofey Bajenov ilk dəfə Qəbələni ziyarət edib.

Sputnik Azərbaycan bu barədə müxbirin Facebook sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir. O, öz istirahətini əks etdirən fotoşəkilləri səhifəsinə yerləşdirib. Bajenov soyuqdan qorxmayıb və hətta Qəbələdəki "Yeddi gözəl" şəlaləsində çimib.

"Şəlalədə çimmək və ora dırmaşmaq (hələ enməyi demirəm) güclü ruh əyləncəsidir. Bu, Qəbələdəki "Yeddi Gözəl"dən "Dördüncü Gözəl"dir. Soyuqdur, sürüşkəndir, kürəyinə qaya qırıntıları düşür və çox səs-küylüdür. Amma xatırlamağa nəsə var. Suyu müalicəvidir. Əhval-ruhiyyəni yaxşılaşdırır və immuniteti gücləndirir" — deyə Bajenov bildirib.

Timofey Bajenov "Dikiy mir" (Vəhşi aləm), "Skazki Bajenova" (Bajenov nağılları), "Reytinq Bajenova" (Bajenov reytinqi), "Rekordı moyey planetı" (Mənim planetimin rekordları), "Kastinq Bajenova" (Bajenov kastinqi), "Put Bajenova: naprolom" (Bajenov yolu: maneələrə baxmadan) kimi televerilişlərin müəllifi və aparıcısıdır. O, öz verilişlərində maraqlı faktlardan və inanılmaz eksperimentlərdən bəhs edir.

Jurnalist öz verilişlərində müxtəlif unikal şeyləri — həyat üçün təhlükəli olan tryukları, yanan kömürün üzərində gəzintini, asılmış vəziyyətdən, yaxud qapalı sisterndən xilas olmağı, meşədə yaşamaq kimi inanılmaz təcrübələri nümayiş etdirir.