CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ətrafında çatlar yaranan Teleqüllə ilə bağlı açıqlama verildi

Bu çatların Teleqüllə üçün heç bir qorxusu, fəsadı müşahidə edilmir
Sputnik

BAKI, 5 yanvar — Sputnik. “Hər ay ölkə ərazisində sürüşməyə meyilli olan ərazilər, subasmalar haqqında bülleten hazırlanır. Ayın sonunda bu bülletenlər müxtəlif dövlət qurumlarına, nazirliklərə təqdim edilir. Eyni zamanda, vətəndaşların da çoxsaylı müraciətləri olur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Bu ərazilərdə sürüşmə zonaları aktivləşib

Onun sözlərinə görə, vətəndaşlar demək olar ki, hər gün müxtəlif problemlərlə müraciət edirlər: "Bayıl yamacı ümumiyyətlə hər zaman sürüşməyə meyilli ərazidir. Bayıl dərəsi, Məqbərə ətrafı, Bayıl özü sürüşməyə, çökməyə meyilli ərazilərdir. Bu proseslər 100 il əvvəl də mövcud olub. İki aya yaxındır ki, Teleqüllənin, təqribən 200-250 cənub-şərq hissəsində uzunluğu 70 metrə çatan, eni 10 sm-dən 1 metrədək olan müxtəlif istiqamətlərdə çatlar əmələ gəlib. Aşağı ərazidə — Bayıl dərəsi deyilən ərazidə yamac kəsilib, hazırda ərazidə tikinti işləri aparılır. Bu da sürüşməyə səbəb olan amillərdir. Ancaq qeyd edim ki, bunlar Teleqüllədən çox aralıdır. İndiki çatlar olan əraziyə ötən əsrin 80-ci illərində Teleqüllə tikilən zaman torpaq qatı tökülüb. İndi müşahidə edilən çatlar həmin torpaq qatında yaranıb. Yəni bu çatların Teleqüllə üçün heç bir qorxusu, fəsadı müşahidə edilmir".

Qaralovun sözlərinə görə, Abşeron və Zığ sürüşmə zonası hər zaman sürüşən ərazilər olub: "Bu ərazilərdə hər zaman çökmə və sürüşmə müşahidə edilib. Son zamanlar yamac yüklənib, yəni yamacda çoxsaylı evlər tikilib. Yamac vertikal olaraq kəsilib. Yamacın kəsilməsi, texnogen amil, atmosfer çökməsi, insan amili bu prosesi sürətləndirib. Ərazidə suvarma işləri, kanalizasiya işləri sürüşməyə daha çox təkan verir. Bu səbəbdən də təbiəti nəzərə almaq lazımdır".