ABŞ İran rejiminə qarşı sərt mövqe sərgilədi

Nikki Haley: "İranda yaşananlar beynəlxalq sülh və təhlükəsizlik, fundamental insan hüquqları ilə birbaşa əlaqəlidir"
Sputnik

BAKI, 5 yanvar — Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İrandakı hadisələrlə bağlı yeni açıqlama verib. Sputnik Azərbaycan bu barədə CNN-ə istinadən xəbər verir.

Təhlükəsizlik Şurasının iclasında danışan Haley deyib ki, Suriyadakı hadisələrin İranda təkrarlanmasına yol verilməməlidir: "Suriyadakı ssenariyə oxşar proseslərin İranda başladığının şahidi oluruq. Dünya artıq o cür dəhşətləri görüb və yenisini görmək istəmir".

"Suriyada da qanlı rejim xalqın dinc etiraz haqqını görməzdən gəlmişdi. İran da o yolla gedir. Biz buna imkan verməməliyik" — amerikalı nümayəndə qeyd edib.

Nikki Haley sonda bildirib ki, İranda yaşananlar beynəlxalq sülh və təhlükəsizlik, fundamental insan hüquqları ilə birbaşa əlaqəlidir.