CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulub

Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Dəmir yolunda sərnişin daşınması ilə bağlı bayram günlərinin statistikası açıqlanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Sputnik Azərbaycan-a bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində, gucləndirilmiş iş rejimində çalışıb.

Sərnişin daşımaları Departamentindən verilən məlumatda bildirilir ki, bayram günlərində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16404 nəfər sərnişin daşınmışdır. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.