SƏHİYYƏ

Təhlükəli xəbər dolaşır, rəsmi açıqlama gəldi: "Təxribata uymayın!"

"Biz iki xəstəliyin olmadığı 53 Avropa ölkəsi arasında ilk onluqdayıq"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Son günlər sosial şəbəkə istifadəçiləri, uşaqlar arasında qızılca xəstəliyinin yayıldığı barədə müzakirələr aparır və valideynlər bir-birini diqqətli olmağa çağırırlar. İstifadəçilərin sözlərinə görə, xəstəlik özünü mərhələli şəkildə göstərir.

"İlk 2 gün burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, göz ağrısı, öskürək olur. İşığa qarşı həssaslıq yaranır. 3-cü gün ağız içində ağ nöqtə şəklində ləkələr görülür. 4-cü gün isə bu əlamətlərdən sonra dəridə səpkilər yaranmağa başlayır. Səpkilər alın və boyun nahiyəsində yaranır" — deyə məlumatlarda bildirilir.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən ölkənin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ("OMD") direktoru Nəsib Quliyev bu məlumatların təxribat xarakteri daşıdığını bildirib: "Hazırda Azərbaycanda qızılca xəstəliyi yoxdur. 2015-ci ilin oktyabrdan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən yoxlanılaraq Azərbaycana "Qızılcadan azad ölkə" sertifikatı verilib. Baxmayaraq ki, bir qisim Avropa ölkələrində belə qızılca ilə xəstələnmələr müşahidə edilir, amma bu, Azərbaycanda yoxdur. Biz iki xəstəliyin olmadığı 53 Avropa ölkəsi arasında ilk onluqdayıq".

N.Quliyev onu da vurğulayıb ki, əgər ölkədə qızılca yayılmış olsaydı, bu barədə xəbəri əvvəlcə ondan eşidərdik: "Bu, sadəcə olaraq təxribat xarakterli məlumatdır. Hazırda ölkədə, ümumiyyətlə heç bir virus epidemiyası yoxdur. Yəni uşaqlarının həyatı üçün təhlükəli, narahat edici heç bir xəstəlik qeydə alınmayıb".

"Siz o valideynlərdən birinə deyin ki, uşağın qızılcadırsa, tez "OMD"-yə aparın. Görəcəksiniz, həmin valideyn özü yoxa çıxacaq" — baş pediatr bildirib.

Quliyevin sözlərinə görə, havaların soyuq keçməsi ilə əlaqədar uşaqlar arasında xəstələnmə hallarının artması müşahidə edilir: "Paraqrip virusu, "adena" virus mövsümlə bağlı artıb. Hər zaman payız-qış aylarında soyuqlama halları artır. Və belə aylarda valideynlər diqqətli olmalıdırlar, çalışmalıdırlar ki, uşaqlarını mövsümə uyğun geyindirsinlər və qidalandırsınlar. Valideynlər uşaqlarında hər hansı xəstəlik əlaməti (burun axma, öskürək, hərarətin artması və s.) müşahidə etdiyi zaman uşağı izolyasiya etməlidirlər, bağçaya, məktəbə göndərməsinlər. Uşağının orqanizminin möhkəmlənməsi məsələsində valideyndən çox şey asılıdır".