BAKI, 4 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın “Twitter” hesabında Pakistan əleyhinə yazdığı yazılara bu ölkənin xarici işlər naziri Havaja Məhəmməd Asif cavab verib.
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, nazir terrorla mübarizədə Pakistanın ABŞ-a verdiyi dəstəyə görə çox böyük itkilərlə qarşılaşdığını söyləyib: “Cənab Tramp bizdən “Siz terrorla mübarizədə nə etdiniz?” deyə soruşur. İndi mən cavab verirəm. Sizə hərbi bazamızı verdik. Əfqanıstandakı əsgərlərinizin silah-sursat təminatı bizim torpaqlarımızdan keçib. Minlərlə sivil vətəndaşımız və hərbçimiz sizin başlatdığınız müharibənin qurbanı olub. Tarix bizə Amerikaya kor-koranə etibar etməməyi öyrətdi. Apardığımız mübarizə sizi qane etməyə bilər, amma bundan sonra ölkəmizin etibarı ilə alver etməyəcəyik”.
Xatırladaq ki, Tramp iki gün öncə “Twitter” səhifəsində Pakistan haqda status yazmışdı: “Onlar liderlərimizin axmaq olduğunu düşünərək bizə yalan və hiylədən başqa heç nə vermədilər. Əfqanıstanda izinə düşdüyümüz terrorçulara təhlükəsiz zona verirlər”.