İranda rejim tərəfdarları da küçələrə axışdı

Onlar etirazçıların edamını tələb ediblər
Sputnik

BAKI, 4 yanvar — Sputnik. İranda bir həftədir davam edən kütləvi etiraz aksiyalarında ilk dəfə olaraq İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvləri öldürülüb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, SEPAH-ın 3 əməkdaşı silahlı şəxslər tərəfindən qətlə yetirilib.

İranda qan su yerinə axır, yüzlərlə adam həbs edilib - FOTOLAR

Hadisə ölkənin şimal-qərb bölgəsində yerləşən Piranşəhərdə qeydə alınıb. Təfərrüatlar barədə əlavə məlumat verilmir.

Son məlumatlara görə, artıq rejim tərəfdarları da meydanlara axın edərək müxaliflər əleyhinə aksiyalara başlayıblar. Onlar azad söz və sivil cəmiyyət şüarları ilə küçələrə çıxan onminlərlə iranlını ABŞ və İsrailin agenti adlandırıblar. Rejim tərəfdarları etirazçıların edamını tələb ediblər.

Bu arada, Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin "ölkənin düşmənləri pul, silah və agentlərindən istifadə edərək qarışıqlıq yaradır" sözlərinə münasibət bildirib. "Çox gülünc və axmaq açıqlamadır" — Haley deyib.